Endi Vorhol rəssamlıqla
yanaşı, prodüser,
yazıçı, kinorejissor
kimi də fəaliyyət göstərmişdir
Endi
Vorhol (1928-1987) rəssamlıqla yanaşı, prodüser,
yazıçı, kinorejissor kimi də fəaliyyət
göstərmişdir. Mərhum sənətkar müasir incəsənətdə
pop-art hərəkatının parlaq nümayəndələrindəndir.
Bu
sözləri məşhur amerikalı rəssam Endi Vorholun
Bakıda, Heydər Əliyev Mərkəzində "Həyat,
ölüm və gözəllik" mövzusunda
açılacaq sərgisi münasibətilə keçirilən
mətbuat konfransında sərginin kuratoru Cianni Merkurio
demişdir. Bildirmişdir ki, sərgi Heydər Əliyev
Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə təşkil
olunmuşdur.
Cianni
Merkurio sərginin Bakıda, Heydər Əliyev Mərkəzində
təşkil edilməsində əməyi olanlara dərin təşəkkürünü
bildirmişdir. Vurğulamışdır ki, sərginin təşkili
onun üçün professional uğurdan başqa, bir insan kimi
də böyük şərəf olmuşdur. Gözəl
Bakı, onun istiqanlı, qonaqpərvər adamları ilə
tanışlıq mənim üçün böyük şərəfdir.
Heydər Əliyev Mərkəzi dünyanın müasir
tikililərinə örnək olacaq ən gözəl
nümunədir.
Sərgi haqqında məlumat verən kurator Cianni Merkurio bildirmişdir ki, Endi Vorhol XX əsrin təkcə tanınmış rəssamı, heykəltəraşı olmamışdır. O, həmçinin fotoqraf, prodüser, rejissor, yazıçı kimi də uğurlu fəaliyyət göstərmiş, ümumilikdə götürsək, incəsənət dahisi olmuşdur. Onun filmləri Hollivudda kino çəkilişi tərzini dəyişmişdir.
Endi Vorholun ən böyük istəyi isə ünsiyyət qurmaq, incəsənəti zirvələrə qaldıraraq onu hər kəsə - zənginlərə və məşhurlara, eləcə də adi insanlara sevdirmək olmuşdur. Ünsiyyətə mühüm, estetik və ideoloji bir strategiya kimi baxan Endi Vorhol öz linqvistikasını bir sıra innovasiyalarla zənginləşdirmiş, ünsiyyətində hər növ danışıq üslubundan yararlanmışdır. Məhz bu qabiliyyət onu XX əsrin ən tanınmış rəssamı etmişdir.
Modern incəsənətin məşhur nümayəndələrindən olan Endi Vorholun Azərbaycanda ilk dəfə keçirilən sərgisində rəssamın 100-dək əsəri və qısa filmləri yer almışdır.
Sərgidə rəssamın portretlər, avtoportretlər silsiləsindən rəsmləri, eləcə də "Güllər" (Flowers), "Kamuflyaj" (Camuflaje), "Sonuncu şam yeməyi" (The Last Supper), "Dua edən kişi əlləri" (Male hand Praying), "Elektrik stulu" (Electric Chair) və digər dünya şöhrətli əsərləri nümayiş olunur.
Sərgi təkcə Endi Vorhol haqqında deyil, eyni zamanda, avanqard film, pop-art barədə geniş məlumat əldə etməyə imkan verir.
Jurnalistlərin suallarını cavablandıran Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirmişdir ki, fəaliyyətə başladığı qısa zaman kəsiyində Mərkəzdə artıq bir neçə sərgi təşkil edilmişdir. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. İstər xarici, istərsə də yerli ziyarətçilər Mərkəzə gələrək muzeylə tanış olmuşlar. Həmçinin "Azərbaycan inciləri" sərgisində qonaqlara Azərbaycan tarixi və mədəniyyəti haqqında geniş məlumat verilir. "Mini Azərbaycan" sərgisi də Bakıdakı və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda "Azərbaycana xoş gəlmisən", "Azərbaycan mətbəxində mədəniyyət" fotosərgiləri çox böyük maraq doğurur.
Heydər Əliyev Mərkəzinin direktoru diqqətə çatdırmışdır ki, Endi Vorholun sərgisinin təşkilinə 7 ay bundan qabaq başlanılmış, bir sıra müzakirələr, hazırlıq işləri aparılmışdır. Qərara alınmışdır ki, Heydər Əliyev Mərkəzində ilk sərgini də məhz böyük sənətkardan başlamaq lazımdır.
Mərkəzin direktoru Endi Vorhol muzeyində bu sərginin 2019-cu ilədək keçirilməsi planları olduğuna baxmayaraq, sərginin cari ildə Bakıda reallaşdığını vurğulamış və bu işdə dəstəyə görə muzeyin rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir. O, əsərlərinin dünyada böyük maraq doğurduğu Endi Vorholun sərgisinin Bakıda da böyük maraqla qarşılanacağına əminliyini ifadə etmişdir.
Anar Ələkbərov onu da diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Mərkəzi ictimaiyyət üçün tam açıq olacaqdır. İyunun 22-dən etibarən isə sərginin biletlərinin satışına başlanacaqdır. Qonaqlar həm Mərkəzdə fəaliyyət göstərən muzey və sərgilərlə, həm də Endi Vorholun əsərləri ilə tanış ola biləcəklər. Həmçinin internet portalında Mərkəzdəki yeniliklər haqqında məlumatlar yerləşdirilir, eləcə də insanlara biletləri daha rahat şəkildə əldə etmək imkanları yaradılmışdır. İyunun 22-dən etibarən Mərkəz istirahət və bayram günləri istisna olmaqla, hər gün fəaliyyət göstərəcəkdir.
Endi Vorholun "Həyat, ölüm və gözəllik" sərgisi Heydər Əliyev Mərkəzinin dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq istiqamətində fəaliyyəti çərçivəsində təşkil olunur.
Üç ayadək davam edəcək sərgidə yerli və beynəlxalq ictimaiyyətin, Endi Vorhol sənətinin pərəstişkarlarının rəssamın əsərləri ilə yaxından tanışlıq imkanı olacaqdır.
Sərgi sentyabrın 9-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 22 iyun.- S.10.